Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Qırğızıstanda qurultayda iştirak ediblər

Sentyabrın 5-də Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) XXVII qurultayı keçirilib.

Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da təmsil olunub.

Qurultayda QHİF-in 2024-2025-ci illəri əhatə edən fəaliyyəti barədə hesabat təqdim olunub. Federasiyanın sədri Muradil Cumadilde çıxış edərək əmək hüquqlarının müdafiəsi, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi və sosial ədalətin təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının müstəsna rolu vurğulanıb. Həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin inkişaf istiqamətləri barədə danışılıb, Azərbaycan həmkarlar ittifaqlarının əmək hüquqlarının müdafiəsi sahəsində təcrübəsi bölüşülüb.