Özbəkistan həmkarlar ittifaqları nümayəndələri üçün AƏSMA-da təlimlər davam edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri üçün təşkil olunan əməyin təhlükəsizliyi mövzusunda təlimlər davam edir.

Təlimlərin ikinci günü AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Leyla Fəthi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Fəridə Hacıyeva tərəfindən iştirakçılara təhlükəsiz və sağlam əmək mühitinin əsas prinsipləri, istehsalatda əməyin mühafizəsi ilə bağlı aktual məsələlər və onların həlli yolları, həmçinin bu sahədə beynəlxalq konvensiyalar barədə seminar keçirilib.

Təlimdən sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və zəngin irsinin öyrənilməsi və tədqiqinə xidmət edir. Buradakı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərin sərgisi və Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq doğurub.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna da baş çəkən nümayəndələr bu qədim abidənin tarixi haqqında məlumatlandırılıb.

Daha sonra Özbəkistan nümayəndələri AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzində olublar. Qonaqlara Mərkəzin fəaliyyət prinsipi, göstərilən xidmətlər, müalicə-profilaktika prosedurları barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə 90 nəfərlik iki dördmərtəbəli yataq korpusu fəaliyyət göstərir. Otaqlar məişət avadanlıqları ilə tam təchiz olunub. İttifaq üzvlərinin rahat istirahəti üçün xüsusi guşələr yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana, ikinci mərtəbəsində isə müalicə və müayinə kabinetləri, eləcə də masaj otaqları yerləşir. Qapalı üzgüçülük hovuzu da müalicə alanların istifadəsindədir.

Yaşayış otaqları, müalicə və müayinə bölmələri ilə tanış olan Özbəkistan nümayəndələri burda yaradılan şəraitdən məmnunluq ifadə edib, təcrübə mübadiləsinin faydalı olacağını bildiriblər.