Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ali təhsil müəssisələrinin sərgisində iştirak edib

Dövlət İmtahan Mərkəzində Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların iştirak etdiyi ali təhsil müəssisələrinin sərgisi keçirilib. 30 iyul–1 avqust tarixlərində keçirilən sərgidə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) da iştirak edib.

Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alıb.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. AƏSMA-nın əməkdaşları sərgidə iştirak edərək abituriyentlər və valideynlərlə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab veriblər.