Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) növbəti ixtisasartırma təlimləri keçirilib.
“Həmkarlar ittifaqı işinin əsas istiqamətləri” mövzusunda keçirilən təlimlərin əsas məqsədi iştirakçıların əmək münasibətləri, həmkarlar ittifaqı fəaliyyəti və sosial tərəfdaşlıq sahəsində nəzəri və praktiki biliklərinin artırılması olub. Təlim proqramında liderlik, komanda quruculuğu, ünsiyyət psixologiyası, iş mühitində konfliktlərin idarə olunması modelləri, sosial dövlət anlayışı, əmək hüququnun mühafizəsi və sosial müavinətlər mövzuları üzrə müzakirələr aparılıb.
“Əmək-sosial sahəsində menecment” mövzusunda keçirilən təlim çərçivəsində iştirakçılara əmək müqavilələri, əməkhaqqı sistemi, sosial-əmək münasibətlərinin tənzimlənmə mexanizmləri, iş və istirahət vaxtı, iş saatlarının bölgüsü, əmək hüququ, məşğulluq siyasəti, işə qəbul prosedurları və işsiz vətəndaşların hüquqi vəziyyəti barədə ətraflı məlumat verilib.
Hər iki təlim interaktiv formatda keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.