Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları (ATİAHİ) Respublika Komitəsinin birgə təşkilatçılığı ilə həmkarlar ittifaqları təşkilatlarının sədrləri üçün keçirilən təlimlər uğurla başa çatıb.
30 iyun–3 iyul tarixlərində “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” və 7–10 iyul tarixlərində “Sosial Təminat Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzularında keçirilmiş təlimlər iştirakçılara əmək hüququ və sosial təminat sahəsində mövcud normativ-hüquqi çərçivəni daha dərindən mənimsəmək, qanunvericiliyin praktiki tətbiqi zamanı yaranan suallara aydınlıq gətirmək və peşəkar bacarıqları inkişaf etdirmək imkanı yaradıb.
Təlimlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, professor Mayis Əliyevvə iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva tərəfindən interaktiv formatda keçirilib. Əmək münasibətləri və sosial təminatla bağlı normativ-hüquqi aktların tətbiqinə dair həm nəzəri, həm də praktiki biliklər iştirakçılara əyani şəkildə izah olunub. Təlim iştirakçıları real praktiki nümunələr üzərində işləməklə öyrəndiklərini möhkəmləndirmək imkanı qazanıblar.
Təlimlərin bağlanışında ATİAHİ sədr müavini Mirzə Cəfərov, şöbə müdiri Nigar Hacıyeva və AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək təlimlərin əhəmiyyətini vurğulayıb, həmkarlar ittifaqlarında çalışan əməkdaşların hüquqi savadlılığının artırılmasının önəmini qeyd ediblər.
Sonda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.