25 iyun 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabe təşkilatları üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) təşkil edilən korporativ təlimlərin təqdimatı keçirilib, bundan əlavə AƏSMA-nın məzunlarının məşğulluğunun təşviqi məqsədilə onların işlə təmin olunması ilə bağlı təkliflər irəli sürülmüşdür.
Görüşdə AHİK, onun üzv və tabe təşkilatları və AƏSMA-nın rəhbər heyətləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbəri Həsən Cəfərov korporativ təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüsün həm həmkarlar ittifaqları əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, həm də AHİK-in ictimai nüfuzunun gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd etmişdir.
Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev çıxışında AƏSMA-nın fəaliyyəti, tədris sistemi və inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim etmişdir. O, Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi üzrə son zamanlar atılmış addımları və gələcəkdə planlaşdırılan təkmilləşdirmə yönümlü tədbirləri dinləyicilərlə bölüşmüşdür. Həmçinin əlavə təhsil proqramları çərçivəsində təhsil alanlar üçün açılan fürsətlər və inkişaf perspektivləri barədə ətraflı məlumat vermişdir.
Sözü alan Maliyyə-İqtisad fakültəsinin dekanı Lalə Mahmudova Akademiyanın məzunları haqqında statistik məlumatları iştirakçıların diqqətinə çatdırdı. Dekan AHİK-in üzv və tabe təşkilatlarının rəhbər heyətini AƏSMA məzunlarının akademik nailiyyətlərini, ölkə səviyyəsində keçirilən müvafiq tədbirlərdə dəfələrlə iştirakı ilə təsdiqlənən sosial məsuliyyətini, habelə konfederasiyanın qayğısını nəzərə alaraq işlə təmin etməyə çağırıb.
Daha sonra Həmkarlar ittifaqları kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva əlavə olaraq rəhbər etdiyi İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verdi. O, istifadə olunan idarəetmə üsullarını əyani şəkildə təsvir edib, iş proseslərini nümayiş etdirdi və görülmüş işlərə dair hesabatla çıxış etdi.
Təqdimatlardan sonra iştirakçıların sualları dinlənilərək ətraflı cavablandırıldı.
AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxışında belə təlim proqramlarının əhəmiyyətini qeyd edərək, üzv və tabe təşkilatları bu imkanlardan aktiv şəkildə yararlanmağa çağırıb. O, həmçinin gələcəkdə məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası məsələsinin önəmini vurğulayıb.
Tədbir zamanı iştirakçılara keçiriləcək korporativ təlimlər barədə ətraflı məlumatı əks etdirən İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin cari il üzrə təlim paketləri təqdim edildi.