24 may 2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Sosial iş fakültəsinin təşkilatçılığı ilə sosial iş ixtisasında təhsil alan tələbələr üçün “Həssas qruplarla sosial iş” mövzusunda I master klass keçirilmişdir. Dərsi keçmək üçün bu sahənin mütəxəssisi, tanınmış ictimai xadim,Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri, Gender Əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzinin rəhbəri f.f.d. Mehriban Zeynalova dəvət olunmuşdu. Qonaq tələbələrə sosial işin mahiyyəti, sosial işçinin keyfiyyətləri, həssas qruplarla sosial işin özünəməxsus cəhətləri, gender əsaslı zorakılığa məruz qalan və təhlükəsizliyini təmin etmək üçün sığınacaqda məskunlaşan qurbanlarla görülən işlər, onların yenidən cəmiyyətə inteqrasiyası
üçün edilən mənəvi-psixoloji yardımlar barəsində müfəssəl məlumat verdi, ehtiyacı olan insanlar üçün hüquqi biliklərin verildiyini bildirdi. M.Zeynalova qeyd etdi ki, sığınacağa adətən əməyin istismarına məruz qalmış şəxslər, insan alverinin, ailədaxili zorakılığın və erkən nikahların qurbanları və miqrantlar kömək üçün müraciət edirlər. Mərkəzin sosial işçiləri, psixoloqları onların problemlərinin aradan qaldırılması üçün öz vəzifələrini yüksək səviyyədə icra edirlər. Akademiyanın həmin müəssisədə təcrübə keçən tələbələri nəzəri biliklərin təcrübədə həyata keçirlməsinin zəruriliyini vurğuladılar və təcrübə keçən tələbələr üçün yaradılan yüksək şəraitdən danışdılar. Sonda tələbələri maraqlandıran suallara ətraflı cavablar verildi