Bu gün bütün dünyada enerji təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılan ən mühüm məsələlərdən biridir. Belə bir şəraitdə respublikamızın qlobal enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində atdığı addımlar, Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində davamlı təşəbbüsləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, hazırda ölkəmizin uğurlu balanslı xarici siyasətində prioritet istiqamət təşkil edir, region və eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərində əsas yer tutur.
Azərbaycan dünyanın müharibələr, qarşıdurmalar içində boğulduğu indiki vaxtda qarşıya qoyduğu Avropanın enerji təhlükəsizliyi vəzifəsinin yüksək səviyyədə reallaşması məqsədilə iqtisadi şaxələndirməni, bərpaolunan enerji potensialından səmərəli yararlanmanı diqqətdə saxlayır. Bununla da Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə töhfə verməyə səy göstərir. ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı məktubda da bu məqam xüsusilə diqqət çəkir: “Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə töhfə verməsindən danışarkən, bir neçə statistik göstəricini də xatırlatmaq istərdim. Belə ki, ötən il ölkəmizdə 43,9 milyard kubmetr təbii qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Azərbaycan, eyni zamanda, 2018-ci illə müqayisədə təbii qaz ixracatını da 2 dəfə artırıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın nəqlinə başlanılıb.
XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti – Transadriatik qaz kəməri (TAP) 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycanın Avropaya “mavi yanacaq” ixracı başlayıb.
Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəql edilib. Bu il həmin rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, həm də tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyini göstərir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırmaq üçün hazırda bərpa olunan enerji məsələlərinə mühüm önəm verir, enerji istehsalını bu yolla artırılması ilə təbii qaz sərfiyyatının azaldılması və beləliklə, qənaət edilən qazın xarici bazarlara ixrac olunması məsələləri ilə bağlı təhlillər apar.
Yeri gəlmişkən, ölkəmizin evsahibliyi etdiyi Bakı Enerji Həftəsində ilk dəfə olaraq bərpaolunan enerji sərgisinin fəaliyyəti də Azərbaycanın enerji təhlükəsizliyinə tam nail olunması məqsədindən irəli gəlir. Sərgidə bərpaolunan enerji sahəsində “yaşıl enerji” zonası, dəniz külək enerjisi potensialı, “yaşıl hidrogen” kimi məsələlərlə bağlı dünya ölkələrinin ən son təkliflərinin yer alması da bu baxımdan mühüm önəm daşıyır.
Bakı Enerji Həftəsində bərpa olunan enerji mənbələrinə xüsusi maraq göstərilməsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” ilə təmini üçün investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək əminliyi də yaradır.
Bunu ona görə qeyd edirəm ki, Azərbaycan, eləcə də düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” sarıdan zəngin potensiala malikdir. Hesablamalara görə, Qarabağ bölgəsinin alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Belə ki, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4 min MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.
Yeri gəlmişkən, ötən il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalanıb.
Xatırladım ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb.
Hüseyn Qaraşov, Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim