Konfederasiya sədri Sahib Məmmədov
dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim
qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli
inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin
institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətdə
tarixi addımlar atıb.
Gənclərin potensialının dəyərləndirilməsi,
vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda
rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən
işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin
yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.
Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə
yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir.
Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin
yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə
könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan
verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin
imzaladığı sərəncamla 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin bu sahəyə
göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.
Vurğulanıb ki, COP29-a qatılan
könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər,
nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.
Görüşdə həmçinin diqqətə çatdırılıb
ki, “AHİK Könüllüləri” proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında
əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.
Tədbirdə çıxış edən könüllülər təhsil
aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti,
onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı
olduqları “AHİK Könüllüləri” proqramı çərçivəsində keçdikləri təcrübə,
qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və
iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə
danışıblar. Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti
bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində
görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək
bacarığının formalaşmasına şərait yaradır.
Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.
Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim edildi.