Bu gün saat 12-də Azərbaycan ərazisində
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin bütövlüyü
uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi də
qurumun binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü qarşısında bir
dəqiqəlik sayğı duruşu ilə şəhidlərimizi anıblar.
AHİK sədri Sahib
Məmmədov çıxışında Anım Gününün təsis olunması ilə bağlı dövlətimizin başçısı
cənab İlham Əliyevin sərəncamının önəmini vurğulayıb. Bildirib ki, bu,
rəşadətlə döyüşən, Vətən yolunda canlarından keçən qəhrəman əsgər və
zabitlərimizə, həmçinin bütün şəhidlərimizə ali ehtiramın göstəricisidir. Onun
sözlərinə görə, Anım Gününün həm də gənclərin Vətənə sədaqət ruhunda tərbiyə
almasında, xalqımızın həmrəyliyinin güclənməsində böyük rolu var. AHİK sədri
bildirib ki, Şərqi Zəngəzuru və Qarabağı düşməndən təmizləyərək xalqımıza
misilsiz Qələbənin sevincini bəxş edən, onu müzəffər edən, dünyada mübariz xalq
kimi tanıdan şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.