“27 Sentyabr – Anım Günü hər bir
azərbaycanlı üçün əlamətdardır, and yerimiz olan qəhrəman şəhidlərimizi qürur,
fəxarət və dərin ehtiramla anırıq. Onlar şanı və şöhrəti dünyanı bürüyən,
minilliklərə söykənən qədim tariximizin ən böyük Qələbəsi – Şərqi Zəngəzurun və
Qarabağın işğaldan azad edilməsinin rəmzləridir. Möhtəşəm Zəfər yolunun
başlanğıcı olan 27 sentyabr həm də milli iradənin, dəyişməz və qətiyyətli
mövqeyin dünyaya nümayişi kimi, Azərbaycan tarixində əbədi qalacaqdır.
Xalqımızın igid, cəsur oğlanları yüksək qələbə əzmi ilə bu müqəddəs yola
çıxarkən yaxşı bilirdilər ki, ölüm də istisna deyil. Amma onlar Vətən eşqini
hər şeydən, hətta həyat sevgisindən də üstün tutdular. Şəhidlik zirvəsinə
ucalmaqla gələcək nəsillərə böyük örnək oldular və göstərdilər ki, bizim üçün
ana yurd ən müqəddəs dəyərdir. Bəyan etdilər ki, əgər mövzu Azərbaycandırsa,
dövlətdirsə, müstəqillikdirsə, torpaqdırsa o zaman ölüm də bizi qorxuda bilməz.
Onlar ölkəmizin hər yerində üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması,
xalqımızın məsud və xoşbəxt yaşaması üçün canlarından keçdilər. Vətən üçün
yaşamaq, azad və suveren dövlətə sahib olmaq, onun ətrafında möhkəm birləşmək
bizə ata-babalarımızın – Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin, Heydər
Əliyevin yadigar qoyduğu dəyərlərdir. Gələcək nəsillər də doğma
Azərbaycanımızın hər zaman var olması üçün mütləq bu yolla getməlidirlər”.
Bu fikirləri 27 Sentyabr – Anım Günü ilə
əlaqədar kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə
görə, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elə
bir mühit formalaşdı ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə aldılar,
onların elmli, bilikli, sağlam yetişməsi üçün dövlətimiz tərəfindən hər cür
şərait yaradıldı: “Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətimizin əsas
aparıcı hissəsi olan gənclərimiz ən ali və çətin missiyanı misilsiz Qələbə ilə
başa çatdırdılar, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımının qisasını
döyüş meydanında layiqincə alaraq onların ruhunu şad etdilər. Kişi kimi
döyüşdülər, düşməndə olsa, qadını, uşağı, qocanı, mülki şəxsləri və obyektləri
hədəfə almadılar, yalnız əli silahlı təcavüzkar ordu ilə vuruşdular. Tarixdən
bildiyimiz kimi, müharibənin öz qanunları var, bəzən geri çəkilmələr, müxtəlif
istiqamətlərdə uğursuzluqlar da yaşana bilir. Amma Azərbaycanın torpaqları azad
etmə planı elə mükəmməl hazırlanmışdı ki, eyni zamanda əsgər və zabitlərimizdə
döyüş ruhu o qədər yüksək idi ki, yenilməz Ordumuz ancaq irəli gedirdi, atdıqları
hər bir addım, həyata keçirdikləri bütün əməliyyatlar qələbə ilə yekunlaşırdı.
Bir nəfər də olsun Azərbaycan Ordusunda fərari olmadı, hamı döyüşə və qələbəyə,
Böyük Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini uğurla icra etməyə
köklənmişdi. Təcavüzkar erməni ordusunun isə düşdüyü rəzil durum bu gün də
dünyada gülüş mövzusudur, düşmən cəbhəsində fərarilik halları baş alıb gedirdi,
əsgər və zabitləri döyüş meydanında silahı atıb qaçırdılar. Bütün bunlar Ali
Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətini, Azərbaycan
Ordusunun qüdrətini göstərir”.
“Təbii ki, Anım
Günündə şəhid olmuş Vətən övladlarının ata-analarını, həyat yoldaşlarını və
yaxınlarını xatırlamaya bilmərik. Valideynlər öz övladlarını böyük şövqlə,
qələbə həvəsi ilə cəbhəyə yola salırdılar. Onlar yalnız nəyin bahasına
olursa-olsun torpaqlarımızın azad edilməsi haqqında düşünürdülər və çox nikbin
idilər. Bilirdilər ki, böyütdükləri, tərbiyə verdikləri övladları düşməni
ərazilərimizdən qovacaq və Vətənimizin bütövlüyünü təmin edəcəklər.
Şəhidlərimizin dəfn mərasimində analar, atalar qamətini əymədi, başlarını dik
tutdular və övladlarının cənazəsini qürurla qarşıladılar. Həlak olan əsgər və
zabitlərin xanımları da eyni ruhda idilər, hətta tabutları öz çiyinlərində
daşıyan vəfalı həyat yoldaşlarını gördük. Vətəndaşlarımız dəstə-dəstə şəhidlərin
dəfninə tələsirdi, hamı tək ürək olmuşdu, dəmir yumruq kimi birləşmişdi. Sözsüz
ki, parlaq Qələbənin əsas təminatçısı da məhz bu sarsılmaz birlikdir”, – AHİK
sədri qeyd edib.
“Qəhrəman Vətən
övladlarının rəşadəti sayəsində işğala son qoyaraq özünün ərazi bütövlüyünü tam
bərpa edən Azərbaycan bu gün inkişafının yeni mərhələsindədir. Təbii ki, bu
mərhələdə də dövlətimizi və xalqımızı daha böyük qələbələr gözləyir. Sentyabrın
23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən ölkə başçısı
dövlətimizin gələcək planlarından danışarkən hərbi güc amilini ön plana çəkdi.
Məlumdur ki, dünyada gərgin anlar, çətin proseslər yaşanır, ağır müharibələr
davam edir. Cənab Prezident İlham Əliyevin fikirləri ilə ifadə etsək,
beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Buna heç məhəl qoyan da yoxdur.
Biz 30 il davam etmiş işğal dövründə beynəlxalq hüququn əhəmiyyətsiz olduğunu
öz həyatımızda yaşadıq, kağız üzərində qalan BMT qətnamələrini gördük. Odur ki,
güclü olmaq, müstəqilliyi, ərazi bütövlüyünü qorumaq üçün hərbi gücün
artırılması əsas faktordur. Prezidentimizin dediyi kimi, Ermənistanda revanşist
qüvvələr də baş qaldırır. Təbii ki, güclü və yenilməz Azərbaycan Ordusunun qarşısında
onların bütün arzuları boş xəyaldan o tərəfə getməyəcək. Vətən müharibəsi və
antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərə yol verməmək üçün qalib
dövlətlə razılaşmaq ən düzgün çıxış yoludur. Cənab İlham Əliyev çıxışında
həmçinin Minsk qrupu ilə bağlı fikirl`ərini də səsləndirdi. Hesab edirəm ki,
bəlkə də, dünyada Minsk qrupu kimi əhəmiyyətsiz bir qurum olmayıb. Çünki uzun
illər öhdəsinə götürdüyü vəzifələrdən yayındı, məqsədli şəkildə münaqişəni
uzatmaqla məşğul idi. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması
şəraitində Minsk qrupunun formal olaraq saxlanılması siyasi həyadan çox-çox
uzaqdır”, – Sahib Məmmədov fikrini tamamlayıb.