Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov qurumun sanatoriyalarına baş çəkib, ittifaq üzvlərinin müalicəsi üçün yaradılmış şəraitlə tanış olub.
Öncə “Şıx” sanatoriyasına gələn Konfederasiya sədri ərazini gəzib, müalicə
və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib.
Bildirilib ki, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət
təsir göstərən sanatoriyada hər cür müasir şəraitli bir və ikinəfərlik nömrələr
var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika,
müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən
ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti,
mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub.
Xidmətlərə kükürdlü su vannaları, naftalan terapiyası və parafin terapiyası
daxildir. Burada İsrail, Rusiya, Belarus, Qazaxıstan, Almaniya, Polşa,
Danimarka və digər ölkələrdən gələn qonaqlar da müalicə alırlar.
Sonra sədr Sahib Məmmədov “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni
məkanda yerləşən “Miras” istirahət mərkəzində olub, pasiyentlərin müalicə
şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, sanatoriyanın xidmətlərinə yod-brom
vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə
müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik
laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və
müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. “Miras” istirahət mərkəzində
də üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və
açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Konfederasiya sədri Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” nevroloji
sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə tanış olub.
Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün
“Günəşli” sanatoriyası olduqca əlverişlidir. Sanatoriyada yod-brom vannaları,
naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə
mövcuddur.
AHİK sədri Sahib Məmmədov “Qaranquş” uroloji sanatoriyasında da olub. Sədrə
məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən sanatoriyada Çıraqqala
təbii mənbəyinin müalicəvi mineral suyu uroloji xəstəliklərin müvəffəqiyyətli
müalicəsinə zəmin yaradır. Həmçinin pasiyentlər təbii müalicəvi palçıq və
mineral yod-bromlu su ilə müalicə olunurlar.
Buzovna qəsəbəsində yerləşən AHİK-in “Şəki” istirahət mərkəzinə gələn Sahib
Məmmədov burada da əraziyə, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış
şəraitlə tanış olub.
Sonda Konfederasiya sədri “Bilgəh” kardioloji sanatoriyasına gəlib və ona
bildirilib ki, burada funksional diaqnostika, müalicəvi gimnastika,
fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, stomatologiya və
ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik
və biokimya laboratoriyaları fəaliyyət göstərir.
AHİK sədri Sahib Məmmədov sanatoriyalarda olarkən müalicə alanlarla da
görüşüb, vəziyyətləri ilə maraqlanıb, rəy və təkliflərini dinləyib. Bildirib
ki, üzvlərinin sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili
həmkarlar ittifaqlarının əsas vəzifələrindən biridir. Onun sözlərinə görə,
ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir, müasir tibbi
avadanlıqlarla təchiz edilir, eyni zamanda təmir işləri aparılaraq yeni dövrün
tələblərinə uyğunlaşdırılır.
AHİK sədri həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da
yüksəldilməsi, sanitar və texniki təhlükəsizlik qaydalarına əməl olunması və
ərazilərin yaşıllaşdırılmasının vacibliyi barədə sanatoriyaların rəhbərlərinə
tövsiyə və tapşırıqlarını verib.