6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı yay məktəbi təşkil
edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində
təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin
120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri
iştirak edib.
Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam
insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü
ilə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq qeyd edib ki, hər
ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin
təşkil edilməsi ənənə halını alıb. Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik”
ilinə həsr edilib. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib. Bu il ərzində
respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi
ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf
mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə
etmə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır. Həmçinin bu il Azərbaycan
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev
sahibliyi edəcəkdir. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji
problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi
gözlənilir.
A.Paşayev qeyd edib ki, dünyanı narahat edən
qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər
birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik.
Konfransın təşkil edilməsində də məqsəd həm həmkarlar ittifaqı təşkilatı
olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq görə biləcəyimiz işləri müzakirə
etmək, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən
biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş Azərbaycanımıza
öz tövhələrimizi verməkdir.
Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin
sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı
fikirlərini bölüşüb, təkliflərini veriblər.
Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün
müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə
vaxtlarının səmərəli təşkili istiqamətində işlər görülüb.