Dönüb keçmişə baxdıqda, Azərbaycanın tarixini vərəqlədikdə
hər səhifəsində xalqımızın kimliyi, mənliyi ortaya çıxır. Hədəflərini düzgün
qiymətləndirməsi, qəti və ağıllı qərarlar verməsi, sərrast seçimi və öz güclü
liderini müəyyənləşdirməsi xalqımızın yetkinliyinin, dərin zəkasının və
kamilliyinin göstəricisidir. Həm də qədirbilən Azərbaycan xalqı hər zaman ona
xidmət etmiş, tarixində dərin izlər qoymuş şəxsiyyətlərini unutmur, adını daim
uca tutaraq ehtiramla yad edir.
Həqiqətən də çox xoşbəxtik ki, bütün bu müsbət keyfiyyətlərə sahib Azərbaycan
xalqının nümayəndələriyik. Bizi ağlasığmaz bəlalardan xilas edən, xalqımız üçün
müasir müstəqil dövlət qurub-yaradaraq onu dönməz inkişaf yoluna çıxaran
fenomen şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müqəddəs adı hər
bir azərbaycanlının dilinin əzbəridir. Xalqımız öz oğlu Heydər Əliyevin
kimliyini düzgün dəyərləndirdi, ali missiyasına yüksək qiymət verərək özünün
Ümummilli Lideri elan etdi.
Ulu Öndərimiz kiçikliyindən və böyüklüyündən asılı
olmayaraq hansı vəzifədə çalışırdısa, gördüyü işlərlə o vəzifəyə böyük nüfuz və
hörmət qazandırırdı, siyasi şəraitdən asılı olmayaraq milli hisslərini
cəsarətlə qoruyurdu. Xalqımızın bu dahi oğlu sovet hakimiyyəti illərində hələ
Dövlət Təhlükəsizliyi Komitəsinin şöbə rəisi olarkən bütün çətinliklərə rəğmən
bu orqanda sağlamlaşma işləri aparır, gənc milli kadrları işə qəbul edir və
irəli çəkirdi. Həmin dövr üçün bu işin nə qədər çətin və təhlükəli olduğu, hətta
həyatı bahasına başa gələ biləcəyi heç kimə sirr deyil.
Amma Heydər Əliyevin Vətəninə və xalqına olan sonsuz
sevgisi imkan verirdi ki, bu cür cəsarətli addımları ata bilsin. Çünki onun
doğulduğu gündən bir amalı var idi: Azərbaycan üçün yaşamaq. Elə də yaşadı,
mənalı və şərəfli ömrünün hər bir məqamını öz xalqına həsr etdi. Onun
Azərbaycan üçün gördüyü işlərin miqyasına baxanda bir anlıq düşünürsən ki, bunu
bir ömrə necə sığışdırmaq olar?! Heydər Əliyevin fenomenliyi, unikallığı da
məhz bunda idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər respublikamızda vəziyyətin
ağır, xalqımızın sosial durumunun son dərəcə aşağı olduğu tarixdən məlumdur.
Demək olar ki, Azərbaycan ittifaq ölkələri arasında xeyli geri qalmış, əsasən
zəif inkişaf etmiş kənd təsərrüfatı respublikası kimi tanınırdı. Lakin belə
çətin və ağır bir dönəmdə güclü şəxsiyyət, peşəkar təşkilatçı və cəsarətli
rəhbər Heydər Əliyevin iş başına keçməsi ilə hər şey dəyişdi, Azərbaycanın
üzərində Günəş parlamağa başladı və hər yeni sabah əvvəlkindən daha işıqlı
göründü.
1969-1982-ci illərin statistikası göstərir ki, bu müddət
ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı,
həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8
dəfə, istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının
istehsalı isə 3 dəfə artmışdır, 213 yeni iri sənaye müəssisəsi istismara
verilmişdir. Bakı Məişət Kondisionerləri və Bakı Dərin Özüllər zavodları və
digər bu kimi nəhəng müəssisələr məhz Ulu Öndərin fədakar əməyi, yorulmaz
fəaliyyəti və ittifaq miqyasında olan şəxsi nüfuzu sayəsində Azərbaycanda inşa
olunmuşdur.
Yeri gəlmişkən, həmin nəhəng müəssisələr bu gün də
iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmətini
uğurla davam etdirir. Həmin dövrdə Heydər Əliyev şəxsiyyətinin diqqətində olan
vacib məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. On
dörd ildə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Elə
bir sfera yox idi ki, Ulu Öndərin diqqətindən kənarda qalsın. Bütün sahələr
üzrə respublikamızın hər yerində inkişaf, tərəqqi yaşanırdı, əhalinin sosial
vəziyyəti durmadan yüksəlirdi.
1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana
rəhbərliyi, ümumiyyətlə, qədimlərə söykənən şərəfli tariximizdə yeni mərhələnin
əsasını qoydu, müstəqilliyimizə istiqamətlənən şanlı bir yol çəkdi. O, həmin
dövrdə yenidən qurduğu və inkişaf etdirdiyi respublikanın sakinlərini gördüyü
genişmiqyaslı işlərlə əmin etdi ki, biz heç kimdən asılı olmadan tam müstəqil
yaşaya bilərik. Bununla o, hər bir azərbaycanlının qəlbində azadlıq çırağı
yandırdı və müstəqil Azərbaycana olan ümidləri artırdı.
Heydər Əliyev Moskvada - SSRİ rəhbərliyində çalışarkən də
hər zaman Azərbaycanı və onun xalqını düşünürdü, diqqət və qayğısını
respublikamızdan əsirgəmirdi. O həmçinin sülhsevər siyasətin təbliği,
proseslərə ədalətli yanaşma tərzi, humanist qərarları və nəcib addımları ilə
bir azərbaycanlı olaraq bütün ittifaq miqyasında böyük hörmət qazanmış,
nümunəvi və məsuliyyətli işi ilə mənsub olduğu xalqın nüfuzunu qaldırmışdır. Nə
qədər ki, Heydər Əliyev rəhbər vəzifələrdə idi, ermənilər və ermənipərəst
qüvvələr səslərini belə çıxara bilmirdilər. O, Vətənimizi bütün gözlənilən və
gözlənilməyən təhlükələrdən ləyaqətlə qoruyurdu. Heydər Əliyev xain plan
nəticəsində sovet rəhbərliyindən uzaqlaşdırılsa da, xalqımızın ona olan
münasibəti dəyişmədi, sübut edildi ki, Heydər Əliyev kimi böyük şəxsiyyətlər
bütün vəzifələrin fövqündə durur.
1991-ci il 3 sentyabr tarixinin xalqımızın taleyində xüsusi
yeri və önəmi var. Belə ki, həmin gün Ulu Öndər Heydər Əliyev Naxçıvanda
deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidli
tələbi ilə muxtar respublikanın Ali Məclisinin Sədri seçildi. Bu, böyük
siyasətə qayıdış və xilaskarlıq missiyasının başlanğıcı idi. Ulu Öndər mübarək
qədəmləri ilə ayaq basdığı hər bir yerə yalnız uğur və intibah gətirirdi. Onun
misilsiz xidmətləri, gərgin zəhməti və yuxusuz gecələri sayəsində blokada şəraitində
olan Naxçıvanda həyat dirçəlməyə başladı, sabitlik təmin edildi,
sosial-iqtisadi vəziyyət yaxşılaşdı.
Həmçinin Ermənistanın bu gözəl diyarımıza qarşı hazırladığı
bütün çirkin planlar iflasa uğradı. Bu siyasət nəhənginin sədrliyi ilə Naxçıvan
parlamenti muxtar respublikanın adından "sovet sosialist" sözlərin
götürdü, üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağımızı Vətən
göylərinə qaldırdı. Bu, ölkəsini azad və müstəqil görmək arzusu ilə yaşayan,
bütün fəaliyyəti bunu hədəfləyən Ulu Öndərin dəmir iradəsinin, sarsılmaz
qətiyyətinin və uzaqgörənliyinin nəticəsi idi. Heydər Əliyev bununla göstərdi
ki, başqa yolumuz yoxdur, ancaq müstəqil Azərbaycan var.
Müstəqillik qazandıqdan sonra xalqımızın qarşısında duran
başlıca vəzifə ölkəmizi düşdüyü dərin siyasi böhrandan xilas etmək, güclü
dövlət qurmaq, Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal altında qalan
torpaqları azad etmək idi. Bütün təzyiqlərə, çaşdırıcı təbliğatlara, boş və
mənasız vədlərə baxmayaraq, xalq yekdilliklə 1993-cü ildə ortaya qəti mövqe
qoyaraq Heydər Əliyevi məhv olmaq üzrə olan dövlətinin başına gətirdi. Və əmin
idi ki, ən düzgün qərar və yeganə çıxış yolu budur. Xalqımızın hansı təfəkkürə
sahib olduğunu, qəbul etdiyi qərarların əhəmiyyətini hadisələrin sonrakı
inkişafı və qazanılmış nailiyyətlər bir daha sübut etdi.
Heydər Əliyev böyük səbirlə, məntiqi ardıcıllıqla və
qətiyyətlə bütün ümidləri layiqincə doğruldaraq qədirbilən xalqının Ümummilli
Liderinə çevrildi. Onun müəyyən etdiyi dövlətimizin inkişaf strategiyası
bugünkü qüdrətli Azərbaycandır. Heydər Əliyevin siyasi kursunu layiqincə davam
və inkişaf etdirən, onun yarımçıq qalan arzularını reallaşdıran dövlətimizin
başçısı cənab İlham Əliyev öz peşəkar idarəçiliyi, dərin siyasi zəkası və
düşünülmüş addımları ilə Azərbaycanı yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi
səviyyəsinə qaldırdı, dünyada böyük söz sahibinə çevirdi.
O, xalqına verdiyi bütün vədləri vaxtında və dəqiq yerinə
yetirərək onu müzəffər etdi, ilk dəfə Ulu Öndərimizin Naxçıvanda ucaltdığı
Azərbaycanın Dövlət Bayrağını qeyrət qalamız Şuşada, namus tacımız Xocalıda,
Laçında, Xankəndidə, ümumilikdə Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə və
qürurla pərvazlandırdı.
Əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ
qarşıda daha böyük hədəflərə çatacaq və yüksək zirvələr fəth edəcək.
Sahib MƏMMƏDOV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Mənbə: Azərbaycan
qəzeti № 190 (9645) 3 sentyabr 2024-cü il