AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

MİDİB növbəti maarifləndirici dəyirmi masanı AƏSMA-da təşkil edib


image small

26 aprel 2024-cü il tarixində “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə çərçivəsində növbəti maarifləndirici dəyirmi masa Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakültəsinin Həmkarlar ittifaqı hərəkatı və sosial fənlər kafedrasının müəllimləri və tələbələri üçün təşkil edilib.

Maarifləndirici dəyirmi masada sözügedən layihə haqqında MİDİB-in icraçı direktoru və layihənin rəhbəri Arif Nəcimov çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) bəzilərinin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsi, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində ətraflı məlumat verib.

A.Nəcimov çıxışında qeyd edib ki, MİDİB-in rəhbərliyi və layihə işçi qrupu təşkilatın Nizamnaməsində qeyd olunan “Əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması, həyata keçirilməsi, başqa təşkilatlarla birgə belə layihələrin yerinə yetirilməsi” və “Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və sair tədbirlər təşkil etmək və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək” kimi vəzifələrə və son iki ildə icra etdiyi layihələrin nəticələrinə istinadən sözügedən layihəni hazırlamış və 2023-cü ilin noyabr ayından icra etməyə başlamışdır.

Layihənin məqsədi, ölkəmizin sosial baxımdan həssas əhali qrupuna aid edilən Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin Ali Təhsil Müəssisələrində (ATM) inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir.

Layihənin vəzifələrindən danışan A.Nəcimov qeyd edib ki, ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin elmi-tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkməkdir. O, həmçinin cari layihənin 2024-cü ilin sonuna kimi müxtəlif maarifləndirici tədbirlərlə davam edəcəyini əlavə edib.

Sonra dəyirmi masa AƏSMA-nın Həmkarlar ittifaqı hərəkatı və sosial fənlər kafedrasının müəllimləri İman Abdullayev ilə Kənan Abbasovun, həmçinin “Sosial iş” ixtisasının tələbələrinin çıxışları və cari layihə barədə müzakirəsi ilə davam edib.

29.04.2024  [ 07:43 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.