AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunda AMEA Rəyasət heyətinin, Humanitar və İctimai Elmlər Bölmələrinin
və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın
tanınmış şair-filosofu Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr
olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin
yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bir sıra
Şərq ölkələrindən gəlmiş qonaqların da qatıldığı konfransda 100-dən çox maraqlı
çıxışlar olmuşdur. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
müəllimi f.f.d., dosent Zeynəddin Şabanov ““Etiqada giriş”də Füzuli
dühasının mərifətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi dahi şairin elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və
sonu, elm və bilik, biliyin növləri, ilk yaradılış, ruhun ölməzliyi, dünya
fəlsəfi irsinə münasibəti haqqında fikirlərini təhlil etmiş, maraqlı cəhətlərə
toxunmuşdur. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər
söylənilmiş, çap olunmuş tezislərin və serifikatların təqdim olunması ilə
konfrans öz işini başa çatdırmışdır.