19 dekabr 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin
təşkilatçılığı ilə “Yenilikləri fürsətə çevir” devizi altında keçirilən
üçüncü Azərbaycan Karyera İnkişaf Forumu bir sıra mövzular ətrafında panellərlə
davam edib.
“Dəyişən dünyada necə sağ
qalaq?”, “İş dünyasının gələcəyi və dəyişən tələblər” adlı panellər üzrə yerli
və xarici spikerlərin iştirakı ilə təqdimatlar edilib, müzakirələr keçirilib.
Artıq başa çatan tədbirin
yekunu olaraq gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanaraq
müvafiq dövlət qurumları və özəl müəssisələrə göndərilməsi nəzərdə tutulub.
Ölkəmizdə üçüncü dəfə
keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil
nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin
sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların
nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan
resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf
mentorları iştirak edib. Eyni zamanda Azərbaycan Əmək və Sosial Münsaibətlər
Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri də forumda iştirak etmişdir.
Bu ilki Forumun məqsədi
karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları,
rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil
strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları
və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün
nəticə çıxarmağa imkan yaratmaqdır