Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Özbəkistanda
səfərdədir.
Sentyabrın 20-də AHİK sədri Səttar Möhbalıyev və Özbəkistan
Həmkarlar İttifaqları Federasiyasının (ÖHİF) sədri Qudratulla Rafiqov Daşkənddə
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz
xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
AHİK sədri Səttar Möhbalıyev və onu müşayiət edən şəxslər
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Sədr Mərkəzin fəaliyyəti
ilə tanış olub, Azərbaycan diaspor təşkilatının nümayəndələri ilə görüşüb.
Sonra ÖHİF-in Əmək və Sosial Münasibətlər
Akademiyasına gələn AHİK sədri Səttar Möhbalıyev ali təhsil ocağının Elmi
şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Tədbirdə
çıxış edən Səttar Möhbalıyev Azərbaycan və Özbəkistan respublikaları arasında
mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən qarşılıqlı
faydalı əməkdaşlıqdan, həmçinin ölkələrimizin həmkarlar ittifaqlarının əlaqələrindən
danışıb. Tədbirdə Səttar Möhbalıyevə Akademiyanın “Fəxri professor” diplomu
təqdim olunub.
Daha sonra ÖHİF-in
binasında görüş təşkil olunub. Görüşdə ÖHİF sədri Qudratulla Rafiqov və AHİK sədri
Səttar Möhbalıyev Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərindən,
həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi
istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışıblar.