Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi heyəti Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "Heydər Əliyev
İli" çərçivəsində "Azərbaycan gəncliyinin formalaşmasında və
inkişafında Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda iştirak
edib.
Xaçmaz rayonunun Nabran kəndində yerləşən
"Təhsil" istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov,
Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin fəal gəncləri
iştirak ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və
banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı uğrunda şəhid
olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət
Himni səsləndirilib.
İştirakçıları salamlayan AHİK sədri Səttar
Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən danışıb, onun həm
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın
Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev çıxışında "Heydər Əliyev ili" çərçivəsində ölkəmizdə, o
cümlədən Xaçmazda təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən
danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından və gənclər siyasətindən söz
açıb. Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov isə çıxışında Ulu Öndərin
təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin
inkişafına verdiyi töhfələrdən bəhs edib.
Sonda AHİK sədri Səttar
Möhbalıyev tələbələrə uğurlar arzulayıb.