22 may 2023-cü il tarixdə kurs iştirakçıları «Kollektiv
müqavilə - işçi ilə işəgötürənin maraqlarının müdafiəsinin əsas vasitəsi kimi»,
«Fərdi və kollektiv əmək mübahisələrinin həllində həmkarlar ittifaqlarının
iştirakı” mövzuları üzrə praktiki situasiyaları həll etdilər. Dərsləri
tədris etmək üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək siyasəti” şöbəsinin
baş məsləhətçisi Fəridə Hacıyeva dəvət olunmuşdu.
Müasir
Psixologiya Mərkəzinin psixoloqu Könul Qocayeva planlaşdırma və
vaxtın idarə edilməsi, onun strateji planlaşdırılması haqqında əsas psixoloji
aspektləri açıqladı.
“ Əmək fəaliyyəti haqqında məlumatların
elektron formada formalaşdırılması və saxlanılmasının xüsusiyyətləri” mövzusu xüsusi maraq doğurdu. AR Əmək və Əhalinin Sosial Müdafiə
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarının təhlili”
şöbəsinin baş mütəxəssisi İsmayıl Kərimov bugünkü əmək bazarında vəziyyəti təhlil
etdi.
23 may 2023-cü il tarixdə Dövlət İdarələri və İçtimai Xidmət işçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov
“Əmək
qanunvericiliyinə əməl olunmasına və işçilərin əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqı nəzarəti” mövzusu
ilə bağlı kurs iştirakçıları qarşısında çıxış etdi. Dərs müzakirə formasında
keçirildi və Hikmət müəllim ətraflı suallara cavab verdi, çünki həmkarlar
ittifaqı təşkilatının fəaliyyətində bu mühüm istiqamətdir.
“Təşkilatın
korporativ mədəniyyəti: anlayışı, mahiyyəti və tətbiqi” mövzusunda AR Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə
Məsələləri üzrə Milli Observatoriyanın Təlim şöbəsinin müdiri Təyyar Mustafayev
təşkilatın korporativ mədəniyyəti haqqında peşəkarcasına təqdimatı ilə
interaktiv metodlardan istifadə edərək qrup ilə birlikdə bu mövzunu müzakirə
etdi.
Dərs gününün
sonunda həmkarlar ittifaqı işçiləri İbrahim Yusifoğlunun “O,
günəş ömrüdü, sönməyəçəkdir” poemasının təqdimatında iştirak
etdilər. Bu təqdimat Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100
illik yubileyinə həsr olunmuşdur.
Tədbirdə açılışı “Taghiyev Operating Company” MMC HİK-in sədri Abbasəli Rüstəmli etdi. Sonra AMEA
Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutunun filologiya üzrə elmlər doktoru,
professor Salida Şərifova çox peşəkarlıqla poemanın bugünkü əhəmiyyətindən,
Heydər Əliyev şəxsiyyətinin respublikanın çiçəklənməsindəki rolunun poemada öz
əksini tapmasından danışdı.
Bundan sonra bu poemanın necə
ərsəyə gəldiyi barədə məlumat verən müəllif İbrahim Yusifoğlu çıxış
etdi. Müəllif bəzi hissələri oxudu. Təqdimatda kurs iştirakçıları da çıxış edərək
öz təəssüratlarını bölüşdülər. Təqdimatın sonunda kollektiv şəkil çəkdirildi. Görüş
isti və yaddaqalan xatirələr şəraitində keçdi.