Erasmus+
proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə
(2021-2027) məlumatlandırma sessiyası 16 dekabr 2022-ci il tarixində Xəzər
Universitetində təşkil edilib.
Tədbirdə
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı
Agentliyi və 35 ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edib. Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasından Beynəlxalq əlaqələr şöbəsinin
müdiri dosent Mahir Calalov və İqtisadiyyat fakültəsinin əməkdaşı Rəşid
Yelmarlı iştirak edib.
Milli
Erasmus+ Ofisinin təşkilatçılığı ilə keçirilən məlumatlandırma sessiyasında
ofisin direktoru Pərviz Bağırov ali təhsildə Erasmus+ proqramları, o cümlədən
mobillik, Jean Monnet (CBVET, EMJM/EMDM) və potensialın gücləndirilməsi üzrə
yeni çağırışların xüsusiyyətləri haqqında ətraflı məlumat verib. P.Bağırov
əlavə edib ki, onların ofisi və internet saytları (www.erasmusplus.org.az), həmçinin Facebook səhifələri (www.facebook.com/nationalerasmusplusofficeinazerbaijan)
vasitəsilə mütamadi məlumatlar paylaşılır.
Daha
sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş
mütəxəssisi Vüsalə Qurbanova ali təhsildə potensialın gücləndirilməsi üçün
Azərbaycanın milli prioritet istiqamətləri haqqında təqdimatla çıxış edib.
Təqdimatın sonunda iştirakçıların sualları
cavablandırılıb.