Müasir dövrün
qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət
ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib
və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müasir dövrdə nəhəng enerji
layihələrinin reallaşması, ölkənin hər yerində abadlaşma, müasirləşmə, eləcə də
Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlərin
gerçəkləşməsi onun nüfuzunu daha da artırıb. Həyata keçirilən çoxtərəfli və
balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və
nüfuzlu dövlətinə çevrilib. Bütün dünya dövlətləri ilə yanaşı, Azərbaycanın
türk dövlətləri ilə münasibəti bu gün yeni müstəvidə inkişafdadır. Azərbaycan
Prezidenti İlham Əliyevin son vaxtlarda türk dövlətlərinə səfəri və keçirilən
görüşlər, imzalanan sənədlər bu münasibətlərin inkişafında önəmli faktordur. Bu
günlərdə Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və
Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi
əlbəttə ki, türk dünyasına böyük töhfədir. Ziddiyyətlə dolu olan dünyamızda
türk dünyasının vahid qüvvə olaraq çıxışı sözsüz ki, birliyin, həmrəyliyin
nümunəsidir.
Türkmənbaşı
şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə və
Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündə çıxışı zamanı
bildirdiyi kimi, "Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik,
dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı
olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına
verdiyi böyük töhfələri ilə qürur duyuruq". Azərbaycanın həm Türkiyə, həm
də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən Cənab
Prezident Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsinin münasibətlərimizin
strateji müttəfiqlik səviyyəsinə çatdırdığını bildirib. 2017-ci ildə isə Azərbaycan
ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
İki ölkə arasında diplomatik əlaqələr 30 il əvvəl qurulmuş və iki ölkə arasında
əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər
barəsində fikir mübadilələri aparılmış, dostluq və əməkdaşlıq haqqında müqavilə,
saziş və s. imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi
səfərləri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycan
və Türkmənistan arasındakı münasibətlərin bütün Mərkəzi Asiya, eləcə də Xəzər,
Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir.
Cənab Prezident İlham Əliyev Türkmənistana rəsmi səfəri çərçivəsində Azərbaycan
Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci
Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib, "Tarixi bağlar üzərində
qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika
və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır", - deyən dövlət başçısı bildirib ki,
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi
45 faiz artaraq, 5 milyard dollara çatmışdır:"Azərbaycandan Türkiyə
iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına
isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə
ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir".
Dövlət
başçısı çıxışında Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində
böyük uğurlara imza atmasına da nəzər salaraq ölkələrimiz tərəfindən bir çox
layihələrin icra edildiyini diqqətə çəkmişdir. Bu layihələrdə nəqliyyat
bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. "Hər üç ölkədə
bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət
etmişdir", - deyə Prezident bildirib.
Bu gün
Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə seçilən transmilli
layihələr reallaşdıran ölkə kimi tanınır. Təkcə Cənubi
Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta
Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini
verən layihələr xüsusi diqqət çəkməkdədir. Belə layihələrin içərisində nəqliyyat
layihələri əhəmiyyətli rol oynayır. Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın
yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən,
strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan ərazisində
dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas
layihələri uğurla icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit
ölkəsinə çevrilmişdir.
"Hazırda
Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən
keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil
yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə
yeni nəqliyyat dəhlizi yaranacaq" – deyə Cənab Prezident çıxışında
vurğulayıb: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton
yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün
vəsaitin ayrılması nəzərdə tutulur".
Səfər çərçivəsində
imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri əlaqələrin daha da
inkişafında əhəmiyyətli rol oynayacaqdır. İlk dəfə olaraq
keçirilən Zirvə Görüşü və birgə bəyantın imzalanması ölkələr arasında geosiyasi
və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli rol oynayacaqdır.
Hüseyn QARAŞOV, Sosiologiya
elmləri doktoru, professor, əməkdar müəllim