Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.
Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.
Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Yarışmaya Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri də qatılıb.
AƏSMA tələbələri 49 universitet içərisində 15-ci yerə layiq görülüblər. Tələbələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.