Noyabr 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “Erasmus Village” layihəsi öz işinə başlayıb.
Layihədə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyev, Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova, İqtisadiyyat və idaəretmə kafedrasının müəllimi
Aytən Ağayeva, respublikanın digər ali təhsil müəssisələrinin layihə rəhbərləri iştirak ediblər.
Layihənin açılış mərasimində birliyin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev spiker qismində çıxış ediblər. Spikerlər Erasmus+ proqramının Azərbaycan vətəndaşları üçün təklif etdiyi imkanlardan söz açıb, proqramın insan kapitalının inkişafında önəmli rol oynadığını qeyd edib, layihənin bu istiqamətdə verəcəyi faydaları vurğulayaraq fəaliyyətinə uğurlar arzu ediblər.
Gün boyu davam edən layihə çərçivəsində iştirakçılar xaricdə təhsil almaq və təcrübə keçmək ilə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı da əldə ediblər. Həmçinin “Erasmus Village” layihəsinin tərkib hissəsi olaraq xarici ölkələrin diplomatik nümayəndəlikləri, beynəlxalq təşkilatlar, yerli universitetlərin beynəlxalq əlaqələr şöbələri, beynəlxalq məlumat mərkəzləri kimi qurumların iştirakı ilə “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub.