Ölkəmizdə 2022-ci ilin “ Şuşa ili” elan olunması ilə bağlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2022-ci il oktyabrın 26-da “Zəfərin təntənəsi Şuşa 270” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək və gənc nəsillərə çatdırmaqdır.
Kitabxananın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Şuşanın zəngin tarixinə, mədəni irsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Tədbirdə Akademiyanın tarix müəllimi Tamilə Həsənova Şuşa şəhərinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitabxananın əməkdaşı Reyhan Kənan özünün Qarabağa həsr etdiyi şeirini səsləndirdi.
Akademiyanın tələbələrinin iştirakilə hazırlanmış musiqili-ədəbi kompozisiya tədbir iştirakçılarına təqdim edildi.
Tədbirdə yekun söz olaraq Akademiyanın rektoru, professor Hüseyn Qaraşov çıxış etdi. O, çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi. Professor H.Qaraşov bu qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini vurğuladı. Sonra o, Gəncədə 1804-cü ildə Sisianovla Gəncə xanı Cavad xan arasında bağlanan müqavilədən bəhs etdi.
Tədbirin sonunda “Mənim atam qəhrəmandır” adlı videoçarx nümayiş etdirildi.