02.04.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda ali təhsil müəssisələri tələbələrinin II Respublika konfransı keçirilmişdir. Plenar iclas Akademiyanın konfrans zalında Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutmuşdur. Konfransda respublikanın 15 ali təhsil müəssisəsindən 72 tələbə məruzə ilə çıxış etmişdir.
Tədbiri Akademiyanın elmi işlər üzrə prorektoru iqtisad ü.f.d., dosent Mobil Məcidov açaraq, Azərbaycanın təhsil sistemindəki yeniliklər, tətbiq edilən beynəlxalq standartlar, onların uğurlu nəticələri barədə danışdqdan sonra sözü digər məruzəçilərə verdi. Plenar iclasda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri Ağami Rəhimov “Müasir şəraitdə Azərbaycanda innovasiya sisteminin formalaşması və inkişafı”, Rəfiqə Əliyeva “Həmkarlar ittifaqına gənclərin baxışı: müasir reallıqlar, problemlər və yeni yanaşmalar”, Xəlil Babayev isə “Biliklər iqtisadiyyatı və innovasiya” adlı məruzələrini konfrans iştirakçılarına təqdim etdilər.
Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirmişdir. Burada iştirak edən tələbələr iştirakçıların marağına səbəb olan müxtəlif məruzələrlə çıxış etmişlər.
Konfransın sonunda hər bölmə üzrə ən yaxşı məruzəçilər mükafatlandırılmış və diplomlarla təltif olunmuşdur.