10.12.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərsu Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Multikultural Şəbəkəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqlari” mövzusunda İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsinin ildönümünə həsr edilmiş Respublika elmi konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə Akademiyanın rektoru professor Hüseyn Qaraşov açmışdır. Rektor öz çıxışında azərbaycanlıların multikultural ənənələrindən danışmış, “Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən söz açmışdır. Sonra “Azərbaycan tolerantlıq modeli” mövzusunda videoçarx nümayiş etdirilmişdir. Məruzəçilərdən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abasov azərbaycançılıq ideologiyasının mahiyyətini multikultural aspektdə təhlil etdi, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iş yerlərində multikulturalizm ənənələrinin qorunmasından, bu istiqamətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətindən danışdı.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq ü.e.d., professor İsaxan Vəliyev multikultural mühiti insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim etməklə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üçün qəbul edilən qanunlar və onların işləmə mexanizmindən söhbət açdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə ü.f.d. Rəşad İlyasov Azərbaycan multikulturalizminin nəzəri və praktiki əsaslarını təhlil etdi Azərsu Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova Beynəlxalq Multikultural Şəbəkənin fəaliyyətindən məlumat verdi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, Bakı Dövlət Universitetinin professoru, sos.ü.e.d. Rafail Həsənov multikulturalizm və liberalizmin qarşılıqlı münasibətindən söz açdı, əcnəbi qonaqlardan Loren Marta (ABŞ) və Nvols Nik (Niger) Azərbaycan multikulturalizmini əcnəbilərin gözü ilə təhlil etdilər. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Şərafəddin Şərifov multikulturalizmin insan hüquqlarının həyata keçirilməsində rolundan, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı İlham Soltanov ədəbi qaynaqlarda və beynəlxalq konvensiyalarda multikulturalizm məsələsinin qoyuluşundan bəhs etdilər.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının III kurs tələbəsi Xəlil Babayev multikulturalizmi Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi təhlil etdi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Rinard Şərifov multikulturalizmi azərbaycançılıq məfkurəsinin kredosu kimi əsaslandırdı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, fəl.ü.f.d., dosent Zeynəddin Şabanov isə multikulturalizmə olan müxtəlif yanaşma, baxış və münasibətlərə diqqəti yönəltdi. Sonda maraqlı fikir mübadiləsi oldu, təkliflər irəli sürüldü.