Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Sədaqət Məmmədova 2019-cu il martın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya həmkarlar ittifaqları hərəkatının ali təhsil müəssisəsi olan Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının yaranmasının 100 illiyinə həsr olunmuş “Əməyin gələcək sferasının formalaşmasında həmkarlar ittifaqları təhsilinin rolu” mövzusunda təşkil etdiyi beynəlxalq dəyirmi masada iştirak etmişdir. Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının sədri M.V. Şmakovun moderatorluq etdiyi dəyirmi masada Beynəlxalq Əmək Təşkilatının və RAHİF-nın rəhbərliyi, Rusiyanın və xarici ölkələrin təhsil və elm müəssisələrinin nümayəndələri iştirak etmişlər. Dəyirmi masanı Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının sədri M.V. Şmakov açaraq Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının tarixi barədə ətraflı məlumat verdikdən sonra sözü tədbir iştirakçılarına vermişdir. İştirakçılardan BƏT-in işçilərin fəaliyyəti Bürosunun direktoru Y.M.Andre, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri Bürosunun direktoru O.V.Kulayeva, ƏSMA-nın Həmkarlar İttifaqı hərəkatı İnstitutunun direktoru v.i.e. S.N. Tatarnikova, Moskva Həmkarlar İttifaqı Konfederasiyasının Tədris Tədqiqat Mərkəzinin baş direktoru V.İ. Boqdaşin, Litva Azad Həmkarlar İttifaqı Birliyinin sədri Eqils Baldzens, BƏT-in Beynəlxalq əmək standartları Bürosunun böyük mütəxəssisi Leo Sibbel, Moskvada BƏT-in işçilərin fəaliyyəti Bürosunun baş mütəxəssisi Aleksandriya Qoça və b. həmkarlar ittifaqlarının fəaliyyətində təhsin roluna diqqətin artırılmasının zəruriliyini vurğulamışlar.
S.Məmmədova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kollektivi adından Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının yaranmasının 100 illiyi münasibətilə təbrikləri çatdırmışdır.
Sonra S.Məmmədova “Həmkarlar ittifaqı təhsili və əməyin gələcək sferası: yeni yanaşmalar, innovasion metodlar və perspektivlər” mövzusundakı çıxışında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tarixinə qısaca ekskurs edərək bu ali məktəbin təsisində Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının mühüm rolu olduğunu bildirmişdir. Akademiyadakı təhsil, fakültələr, ixtisaslar, müəllim–tələbə kontingenti haqqında geniş məlumat verdikdən sonra buradakı “Həmkarlar ittifaqları kadr və fəallarının yenidən hazırlanması” şöbəsinin fəaliyyəti, burada həmkarlar ittifaqları təşkilatlarının sədrləri və fəalları üçün təşkil olunan kurslar, tətbiq olunan yeni metodlar barəsində məlumatları onların nəzərinə çatdırmışdır. Geniş slaydlar vasitəsilə aktual mövzular üzrə keçirilən seminarların gündəliyi ilə onları tanış etmişdir.
Tədbirdə maraqlı fikir mübadiləsi olmuş, yeni təkliflər, əməkdaşlığın genişləndirilməsi məsələləri irəli sürülmüşdür.