Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir!
18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda tədbir keçirilmişdir. Müstəqillik yollarını əks etdirən video-çarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru, dosent Fəhrad Möhbalıyev iştirakçıları salamlamış, müstəqilliyin tarixinə ekskurs etmiş, müstəqilliyin əldə olunmasındakı çətinliklərdən, müstəqillik yolunda xalqın təşkilatlanmasından danışmışdır. Sonra söz alan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov azadlıq və müstəqillik uğrunda xalqların apardığı mübarizələrdən, müstəqilliyin keçdiyi şərəfli və mürəkkəb yollardan, müstəqilliyin ilk illərində Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində soydaşlarımızın öz yerlərindən deportasiya olunmasından, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müdiri, dosent Zeynəddin Şabanov Azərbaycan ərazisində tarixən mövcud olmuş müstəqil dövlətlər və onların siyasətlərindən, Şərqin və İslam dünyasının ilk müstəqil, demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti, onun fəaliyyəti və daxili çəkişmələr şəraitində, xarici müdaxilə, beynəlxalq təminatın zəifliyindən süqut etməsindən məlumat verdi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və Sosial fənlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məsud Musayev ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanmasındakı misilsiz rolundan və bu gün müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən danışdılar. Daha sonra tələbələrdən Sadiq İmanov, Firdanə Allahyarova və Cavidan Abbasovun ifasında xalq şairi Məmməd Arazın “Bizi Vətən çağırır” şerini ifa etdikdən sonra, tələbələr İltizam Vəlizadə və Sevda Vəliyeva Səməd Vurğunun “Azərbaycan” şerinin səsləndirdilər. Tədbirin sonunda milli rəqslər bir-birini əvəzlədi və gənc müğənni Nicat Cəfərli milli ruhu oxşayan mahnılar ifa etdi. Yallı və cəngi sədaları altında tədbir başa catdı.