Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr olunmuş “Dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.
Konfrans professor-müəllim heyətinin, tələbələrin və dəvət edilmiş qonaqların iştirakı ilə baş tutmuş və açılışda Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.
Tədbiri akademiyanın Tədris və elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Möhbalıyev açaraq, “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nün mahiyyəti barədə Ulu Öndərin müstəsna xidmətlərindən və onun laiqli davamçısı Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarının düşünülmüş və məqsədyönlü siyasətinin əhəmiyyətindən, ölkədə aparılan islahatlardan danışdı və ölkəmizin uğurları barədə məlumat verdi.
O, eyni zamanda 31 dekabrın Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri olduğunu qeyd edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycanın birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın müxtəlif ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və onun qeyd edilməsi bütün Dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Ümid edirik ki, siz gənclər mənəvi dəyərlərimizi unutmayacaq, dünya arenasında ölkəmizin nüfuzunun artması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Daha sonra “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri iqtisad elmlər doktoru Vilayət İsmayılov çıxış edərək, “Dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri” mövzusunda tələbələrin çıxışları haqqında məlumat verdi və onlara uğur arzuladı.
Elmi-praktiki konfransda iştirak edən tələbələrinin müxtəlif mövzularda məruzələri dinlənildi.
Konfransın yekununda xüsusi qiymətləndirmə komissiyası seçilmiş işləri qiymətləndirdi və məruzəçilər sertifikatla təltif olundu.