31 may 2021-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiyanın dünya ölkələrinin sosial-iqtisadi inkişafına təsiri problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Microsoft Teams platforması ilə internet üzərindən keçirilən konfransı giriş sözü ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov açmışdır. Rektor çıxışında pandemiyanın ictimai həyata təsirindən, ölkəmizdə yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması üçün görülən təxirəsalınmaz tədbirlərdən, onlayn təhsil və onun nəticələrindən danışmışdır. Rektor konfransda 19 qurumu təmsil edən 70 nəfərin iştirak etdiyini bildirmişdir. Sonra öz işinə başlayan plenar işlasda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov “Heydər Əliyevin “güclü” dövlət konsepti: Azərbaycan modelinin özəllikləri”, professor Pini Davidov (İzrail Dövləti) “İstehsalın yaxşılaşdırılmasına subyektiv qiymətin azaldılması”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Vilayət İsmayilov “Pandemiya şəraitində dövlətin yeni dəstək mexanizminin sahibkarlara yaratdığı imkanlar”, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev “Pandemiya dövründə Azərbaycan dövlətinin sosial dəstək proqramlari” mövzusunda məruzələri dinlənilmişdir. Plenar iclasdan sonra konfrans öz işini panellər üzrə davam etdirmişdir. Panellərdə maraqlı müzakirələr olmuş, verilən suallar çıxış edənlər tərəfindən cavablandırılmışdır.