AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyanın rəhbərliyi “Azərbaycanda rektorlar konfransının (şurasının) yaradılması (ECAR)” Erasmus+ KA2 layihəsinin növbəti toplantısında iştirak edib


image small

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) rektoru, professor Qaraşov Hüseyn, Tədris və elmi işlər üzrə prorektor, dosent Möhbalıyev Fəhrad və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Mahir Cəlalov “Azərbaycanda rektorlar konfransının (şurasının) yaradılması (ECAR)” Erasmus+ KA2 layihəsinin növbəti toplantısında iştirak edib.

Görüşün məqsədi “ECAR” Erasmus+ KA2 layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə paylaşılması və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub.

10-11 noyabr 2021-ci il tarixlərində təşkil olunmuş tədbirə Azərbaycanın 19 universitetinin rektor və prorektorları, beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, həmçinin layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının,  Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Biznes Universitetler Birliyinin məsul nümayəndələri qatılıb.

Toplantıda çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxışında sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, habelə qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıb.

Milli Erasmus Ofisinin Azərbaycan üzrə rəhbəri Pərviz Bağırov layihənin çərçivəsində qurulacaq Rektorlar konfrası (şurası) barədə beynəlxalq təcrübəni bölüşərək layihənin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin Erasmus proqramının növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri haqqında zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib. Bununla yanaşı, layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqdimatla çıxış edib.

Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların statistik nəticələrini nəzərə çatdırıb. O, Azərbaycan universitetlərində mövcud vəziyyətdən də söz açıb.

Mykolas Romeris Universitetinin prorektoru, professor Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının (Şurasının) yaradılmasının qanunvericilik bazası  haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında danışıblar.

Sonda Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov “ECAR” Erasmus+ KA2 layihəsinin bütün tərəfdaşlarına öz minnətdarlığını bildirib və layihənin işinə müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 2021-2023-cü illər müddətində icra olunacaq layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı (şurası) yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Sözügedən layihədə AƏSMA, assosativ tərəfdaş kimi iştirak edir və layihənin Akademiya üzrə əlaqələndirici şəxsi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Mahir Cəlalovdur. 

15.11.2021  [ 09:33 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.