1990 - cı ilin 20 Yanvar günü tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsini təşkil edir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi.
Tarix boyu ağır sınaqlara mərdliklə sinə gərmək əzmini sübuta yetirmiş Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsində parlaq bir səhifə təşkil edən, milli iradə mənlik şüurumuzun ali təcəssümünə çevrilərək qürurla xatırlanan 20 Yanvar faciəsindən 30 il keçir.
20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 dekabr 2019-cu ildə sərəncam imzalamışdır.
İrticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc insanlara divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yandırıldı və itkin düşdü.
Rəsmi məlumata görə 146 nəfər insan xüsusi amansızlıqla qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır, 841 nəfər qanunsuz həbs olunmuşdur. Vəhşiləşmiş hərbçilər tərəfindən 200-dən çox ev və mənzil talan edilmiş, yandırılmış, 80 avtomaşın, o cümlədən bir təcili yardım maşını, küllü miqdarda şəxsi və dövlət əmlakı məhv edilmişdir.
Yanvar faciəsi torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq ideyaları ilə yaşayan xalqımıza qarşı törədilmiş qəsd və cinayətdir.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı AƏSMA tədbirlər planı hazırlamışdır.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu münasibətlə Şəhidlər xiyabanı ziyarət edilmiş, kitab, fotosərgi təşkil edilmiş, audio-video sujetlər nümayiş etdirilmişdir.
AƏSMA kollektivi olaraq 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, faciə qurbanlarını ehtiramla yad edir və şəhidlərimizə rəhmət diləyirik.
Başın sağ olsun, Vətən!