AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

05 Yanvar 2021-ci il tarixdə şəhidlik zirvəsinə yüksələn məzunumuz Əli İlqar oğlu Əhmədovun məzarı ziyarət edildi


image small

     05 Yanvar  2021-ci il tarixdə Akademiyanın şəhid məzunu Əhmədov Əli İlqar oğlunun doğum günü Mingəçevir şəhərində qeyd olunub. 

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli İlqar oğlu Əhmədovun ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu. Akademiyanın əməkdaşları adından Sirac Məmmədov və  digər rəsmi şəxslər iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq xatirəsi anılıb. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Akademiyanın müəllimi dosent Sirac Məmmədov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

Qeyd edək ki, Əli Əhmədov 1993-cü il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. Qardaşı İslam Əhmədov da Vətən müharibəsində şəhid olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Əhmədov sentyabrın 27-də Tərtər - Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. 

Elə həmin gün Akademiyanın digər şəhid məzunu İlkin Ağakişiyevin də məzarı ziyarət olunub.  

07.01.2021  [ 16:54 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.