“Hazırda
dünyanın ən aktual mövzularından olan iqlim dəyişmələrinin fəsadları getdikcə
artır, nəinki insanlar, hətta bütün canlılar, bitki aləmi təhlükə
qarşısındadır. Demək olar ki, hər gün planetin müxtəlif yerlərində gözlənilməz
təbiət hadisələri baş verir. İqlim dəyişmələri bütün dünyanı əhatə etdiyindən
onun təsirlərini azaltmaq, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq
öhdəliyinə nail olmaq üçün, sözsüz ki, bütün dövlətlər səfərbər olmalı, iqlim
dəyişmələri ilə mübarizdə həmrəylik göstərməlidirlər. Ətraf mühitin mühafizəsi,
iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması kimi qlobal məsələlərə
Azərbaycan ciddi yanaşan, bu istiqamətdə əhəmiyyətli işlər görən ölkələr
sırasındadır. Belə ki, “Yaşıl enerji” növlərinin yaradılması, Azərbaycanın
“yaşıl artım” ölkəsinə çevrilməsi hədəfləri, eyni zamanda emissiyalarla bağlı
könüllü öhdəliklərin götürülməsi dövlətimizin bu məsələdə nə qədər həssas
olduğunu göstərir. Dünyanın ən irimiqyaslı tədbirlərindən sayılan BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) yekdil qərarla ölkəmizdə keçirilməsi Azərbaycanın bu
məsələyə xüsusi diqqətinin göstəricisidir”.
Bu fikirləri mediaya
açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib
Məmmədov deyib.
Onun
sözlərinə görə, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq
dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi etdi: “İştirakçılar
üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir
çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm
olundu. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76
mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev
sahibliyi etdi. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi,
insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir.
COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı
cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini
diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın
təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir,
dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını
Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini,
BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz
Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər
irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev
dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri
məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu
göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar
yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də
cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.
“COP29-da
yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin
(SIDS) Sammitinin keçirilməsi və cənab Prezident İlham Əliyevin tədbirdə
iştirak etməsi oldu. Haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin
problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin
yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir. Sirr deyil ki,
kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır,
səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə
müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə
maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi
ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha
ifşa etdi. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır
ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin
Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz
ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan
hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi
haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti
tərəfindən qınanmalıdır”, – Konfederasiya sədri bildirib.
Sahib Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşdü: “Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.
“COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa etdi. Göstərdi ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”, – deyə Sahib Məmmədov əlavə edib.