Oktyabrın 14-də Belçikanın
paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının
(BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası
keçirilib.
Tədbirdə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib
Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
PARŞ-nin
Baş katibi xanım Ester Linç gündəliyə çıxarılan məsələlər və görüləcək işlər
barədə İcraiyyə Komitəsinin üzvlərini məlumatlandırıb. İclasda BHİK-nın Baş
Şurasının toplantısına hazırlıq və fəaliyyət planları, keçirilən kampaniyalar
müzakirə edilib, 2025-ci ilin iş planı nəzərdən keçirilib. Eləcə də iclasda
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransına hazırlıq
prosesi, COP29 və digər müvafiq mövzularda qarşılıqlı fikir mübadiləsi
aparılıb.
BHİK-nın
iqlim siyasəti üzrə mütəxəssisi Bert De Vel BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
əhəmiyyətindən, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən
və görüləcək işlərdən danışıb.
Tədbirdə
çıxış edən AHİK sədri Sahib Məmmədov iqlim dəyişmələrinin fəsadlarını, ədalətli
keçid və bu prosesdə həmkarlar ittifaqlarının rolunu qeyd edib. Bildirib ki,
sabit və təhlükəsiz ölkə olan Azərbaycanda COP29-a hazırlıqlar peşəkar
səviyyədə aparılır. O həmçinin COP29-un şəffaf, qərəzsiz və inklüziv şəkildə
keçəcəyindən, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və
həmrəyliyin ən yüksək səviyyədə tərənnüm olunacağından əminliyini ifadə edib.
Nəticədə bütün bunların ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka
gətirib çıxaracağını diqqətə çatdırıb.
Eyni
zamanda AHİK sədri Azərbaycanda əmək hüquqlarının qorunması, layiqli əmək
şəraitinin yaradılması istiqamətində görülən işlər barədə danışıb, BHİK-nın
bəyannamələrinin, qərarlarının, habelə tapşırıq və tövsiyələrinin Azərbaycan
həmkarlar ittifaqları üçün önəmini vurğulayıb.
Qeyd
edib ki, AHİK və BHİK arasında əməkdaşlıq yüksək səviyyədədir və bundan sonra
da münasibətlərin genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılacaq.
“Qloblal
iqlim dəyişmələri kömür, neft və qaz sənayesinə, eləcə də burada çalışan
işçilərə daha çox təsir göstərir. Bu səbəbdən həmkarlarımızın risk altında
olduğunu dərk etməli və onların hüquqlarının qorunması üçün tədbirlər
görülməlidir. “Yaşıl iqsaddiyyat”a ədalətli keçid ən effektiv və yeganə çıxış
yoludur. Hesab edirəm ki, işsizlikdən sığorta, davamlı təhsil imkanları mühüm
tədbirlər arasında olmalıdır. Bu prosesdə inklüzivliyə də xüsusi diqqət
yetirməliyik, çünki ədalətli keçid təkcə yüksək inkişaf etmiş ölkələrin
işçiləri üçün deyil, həm də inkişaf etməkdə olan ölkələrin əmək adamlarının da
hüquqları qorunmalıdır”, – deyə, Sahib Məmmədov vurğulayıb.
AHİK
sədri çıxışında qarşıda duran məqsəd və vəzifələrin icrasında birgə
əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkib: “Ədalətli keçiddə beynəlxalq
əməkdaşlıq əsas faktordur. Həmkarlar ittifaqları, işəgötürənlər və hökumət əmək
hüquqlarını qorumaq üçün bir araya gəlməli və səylərini birləşdirməlidirlər.
Gələcək nəsillərin daha yaşıl və dayanıqlı bir dünyaya sahib olmaları üçün bunu
etməyə borcluyuq”.
Tədbirdə
digər çıxışlar da dinlənilib, 2024-2025-ci illər üzrə icra olunan layihələr,
qarşıda duran vəzifələr, maliyyə hesabatları müzakirə olunub, PARŞ-nin Gənclər
və Qadınlar komitələrinin hesabatları dinlənilib.
AHİK
sədri tədbir çərçivəsində PARŞ-nin Baş katibi xanım Ester Linçlə də görüşüb.
İcraiyyə Komitəsinin iclasına dəvətə görə, Baş katibə təşəkkür edən AHİK sədr
PARŞ və BHİK-da olan həmkarlarla görüşməkdən məmnun olduğunu bildirib.
Konfederasiya
sədri ötən ay Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar
ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransı
xatırladıb və bu tədbirin ikitərəfli əməkdaşlığa verdiyi töhfələri qeyd edib.
Həmçinin
AHİK-in hazırda gördüyü işlər, həyata keçirdiyi layihələr barədə PARŞ Baş
katibinə məlumat verilib, “AHİK Könüllüləri” proqramının mahiyyətindən
danışılıb. Qeyd edilib ki, bu proqram həmkarlar ittifaqlarının fəaliyyətinin
təbliğində, nüfuzunun artırılmasında faydalı olmaqla yanaşı, həm də gənclərin
bilik və bacarıqlarının yüksəldilməsi, istedadlarının üzə çıxarılması və
təcrübə qazanmaları üçün mühüm fürsətdir.
Ölkəmizin
tanınmış simalarından ibarət olacaq “Layiqli Əmək Səfirləri” layihəsi barədə də
məlumat verilib və hər iki layihə Baş katib Ester Linçin marağına səbəb olub.
İqlim
dəyişmələri, ədalətli keçidə nail olmaq üçün həmkarlar ittifaqlarının
vəzifələri, bu qlobal bəlaya qarşı birgə mübarizənin əhəmiyyəti barədə də
görüşdə söz açılıb, fikir mübadiləsi aparılıb.
Dəvəti
qəbul edib İcraiyyə Komitəsinin iclasında iştirak etdiyinə görə, Sahib
Məmmədova minnətdarlıq edən Baş katib Ester Linç BHİK və PARŞ-nin AHİK-lə
münasibətlərinin səviyyəsindən razılığını bildirib və əməkdaşlığın bundan sonra
da dinamik inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Görüşdə
həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Sonda
AHİK sədri Sahib Məmmədov xanım Ester Linçə milli oranmentlərlə bəzədilmiş
kəlağayı təqdim edib.