Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında informasiya-kommunikasiya texnologiyalarına aid seminar keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) və Holberton School Azərbaycan arasında əməkdaşlıq çərçivəsində akademiya tələbələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev informasiya texnologiyaları sahəsinin gələcəyin sahəsi olduğunu bildirmiş, süni intellekt və kibertəhlükəsizlik sahələrinin sürətlə inkişaf etdiyini, proqramlaşdırma və məlumat analitikasının isə getdikcə daha vacib bacarıqlara çevrildiyini qeyd edib. Əmək bazarının tələbləri baxımından tələbələrin bu kompetensiyalara sahib olmasının əhəmiyyətinə diqqət çəkib.

Holberton School Azerbaijan-ın direktoru Şəmsi Bayramzadə və proqram mühəndisi Safura Mehtizadə çıxış edərək, bu tədris müəssisəsinin Azərbaycanda fəaliyyət göstərən yeganə Amerika, Silikon Vadisi əsaslı qlobal İT məktəbi olduğunu vurğuladılar. Onlar proqramların müxtəlif səviyyələrdə İKT bilik və bacarıqlarına malik olan və olmayan şəxsləri peşəkar iş həyatına hazırlamaq üçün nəzərdə tutulduğunu qeyd etdilər. Holberton-un "peer-to-peer" metodikası əsasında tələbələrə qarşılıqlı öyrənmə imkanı yaratdığı və bu yanaşmanın komanda şəraitində ünsiyyəti gücləndirərək tədris prosesini daha effektiv etdiyini bildirdilər.

Bundan əlavə, Holberton School Azerbaycan akademiyadan seçiləcək 20 tələbəsi üçün tam təqaüd proqramı təqdim edəcəyini elan etdi. Seminar tələbələrin suallarının cavablandırılması ilə başa çatdı.