“Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi tələbə təqdimatlarında” adlı müsabiqə


25 fevral 2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi tələbə təqdimatlarında” adlı müsabiqə keçirilib. 

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru professor Hüseyn Qaraşov çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib. XX əsrin faciəsi olan Xocalı soyqırımını cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən rektor bildirib ki, bu qanlı siyasət özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdı. “Qocaların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut edir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.” Hüseyn Qaraşov vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.

Daha sonra tələbələrin hazırladıqları təqdimatlar nümayiş olunmuşdur.