Akademiyanın müəllim və tələbələri şəhid məzunlarımızın valideynlərini ziyarət etdi


07 iyul 2021 tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbələri akademiyanın məzunları olan Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Bakı, Mingəçevir və Qəbələ şəhərlərində şəhid məzunlarının məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkiblər . 

Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər qoyulub. 

Şəhid ailələri ilə görüş zamanı qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, onlarla bağlı xatirələrdən söz açılıb. Həmçinin,  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  şəhidlərin xatirəsini əbədiləşdirilməsi üçün şəhidlər haqqında məlumat əks olunan lövhənin çərçivədə təsviri xatirə olaraq ailələrə verilib. 

Həmçinin akademiyanın müəllim və tələbələri Qəbələ şəhərində Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun büstünü ziyarət edərək ehtiramlarını bildiriblər.

Hər bir şəhid ailəsi bizim üçün əzizdir. Onların yanında olmaq bizə mənəvi güc verir. Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.

Allah bütün şəhidlərimizə rəhmət etsin!