Rektorun məzunlara müraciəti!


Əziz məzunlar! Qismətimiz belə gətirdi. 2020-ci ildə məzun günü keçirə bilmədik. Təəssüflənməyə dəyməz, təki salamatçılıq olsun!

Əziz məzunlar! Təhsil illərində bizim əsas məqsədimiz Sizin biliyinizin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi olub. Çalışdıq ki, Sizdə özünəgüvənmək vərdişi yaradaq. Bunlara nə dərəcədə nail olmuşuqsa, Siz bilirsiniz.

Əziz məzunlar! Siz yalnız özünüzə güvənməklə məqsədlərinizə çata bilərsiniz. Bunun üçün təbii ki, vaxtdan səmərəli istifadə etməlisiniz. Unutmayın ki, vaxt alınıb satılan əmtəə deyil. Çalışın ki, vaxtınız hədər getməsin.

Başladığınız bir işi yarımçıq qoyub, başqa işin dalınca qaçmayın. Məqsədinizə doğru təmkinlə, inamla irəliləyin.

Əziz məzunlar! Möhtərəm prezidentimiz İ. Əliyevin aşağıdakı fikrini - “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” xatırlatmaqla Sizi bir daha təbrik edirəm. Yolunuz açıq olsun! Allah Sizi qorusun!

 Hörmətlə,

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru H.T. Qaraşov