Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında onlayn imtahanların keçirilməsi qaydaları


  1. 2019/2020-ci tədris ilinin Yaz imtahan sessiyası 2020-ci il iyun ayının 8-dən iyul ayının 12-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcəkdir.
  2. İmtahan prosesi yalnız “Microsoft Teams” platforması vasitəsilə onlayn formatda şifahi üsulla və müəllim tərəfindən qeydiyyata alınmaqla keçirilməlidir.
  3. Qeydiyyata alınmayan tələbənin nəticəsi imtahanda “iştirak etmədi” kimi qiymətləndiriləcəkdir.
  4. Fənn üzrə imtahan təyin olduğu gün və saatda keçirilməli və başa çatmalıdır. İmtahan gün təyin olunmuş vaxtda yekunlaşmazsa, bu barədə müəllim tərəfindən qiymətləndirmə və monitorinq şöbəsinə məlumat verilməlidir.
  5. Onlayn imtahanlar Akademiyada ayrılmış dərs otaqlarında keçiriləcəkdir.
  6. Tələbələr imtahan günü dekanatlığın təyin etdiyi vaxtda onlayn qaydada (Microsoft Teams platforması üzərindən) imtahana qoşulmalı və seçdiyi biletin suallarını cavablandırmalıdır.
  7. İmtahanda tələbənin biletin hər sualına cavabı müəllim tərəfindən qiymətləndirilib və imtahan başa çatdıqdan sonra tələbəyə elan edilməlidir.
  8. Müəllim tərəfindən verilmiş imtahan biletinin nömrəsi dəyişdirilə bilməz.
  9. Fənn üzrə imtahan 2019/2020-ci tədris ilinin yaz semestrinin əvvəlində tədris qrupuna təhkim olunmuş müəllim tərəfindən qəbul olunacaqdır. Eyni zamanda imtahanda fənni tədris edən müəllimlə birlikdə kafedra müdiri, eyni ixtisas üzrə kafedranın digər müəllimidə iştirak edəcəkdir.
  10. İmtahan zamanı şəffaflığın və nizam-intizamın təmin edilməsi məqsədilə imtahan prosesi komissiya şəkilində izləniləcək, video formatda çəkiləcək, hər bir tələbənin cavabları dinləniləcəkdir.
  11. Bütün tələbələrin cari qiymətləndirilməsi 34-50 balla (onlayn dərslərdə iştirak etməyən tələbələr 34 bal, onlayn dərslərdə iştirak edən tələbələr isə 34-50 bal ilə qiymətləndiriləcək), onlayn imtahanın qiymətlləndirilməsi isə 0 – 50 balla qiymətləndirilir.
  12. Tələbə imtahan zamanı ən azı 17 bal toplamalıdır.
  13. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi 5 sualdan ibarət imtahan biletləri əsasında həyata keçiriləcəkdir. Hər bir sual 10 balla qiymətləndiriləcəkdir.
  14. Tədris qrupundakı tələbələrin sayı jurnaldakı sıralamaya uyğun olaraq 6 nəfərdən ibarət olmaqla dəstələrə bölünür və hər bir dəstəyə imtahan vermək üçün 1 saatı keçməmək şərti ilə vaxt təyin edilir.
  15. İmtahana qoşulan tələbəyə seçdiyi imtahan biletinin sualları müəllim tərəfindən göstərildikdən sonra, ona fikirləşmək üçün 10 dəqiqə vaxt verilir. Lakin arzu edən olarsa bileti çəkdikdən sonra birbaşa cavab vermək də mümkündür.
  16. Tələbələr imtahan biletindəki sualları istədikləri ardıcıllıqla cavablandıra bilər.
  17. Biletdə “məsələ həlli” tipli sual olarsa, bu suallar müəllim tərəfindən təhsilalana ünvanlanacaqdır və tələbədən sadəcə “məsələ həlli”nin cavabı tələb olunacaqdır.
  18. İmtahan zamanı tələbə mikrofonu səssiz qoymamalı və veb kamera ilə görünmə zonasını tərk etməməlidir.
  19. İmtahanda sistemdən çıxıb, 10 dəqiqə ərzində sistemə qayıdan tələbə yenidən bilet seçərək imtahanı davam edəcək.
  20. İmtahan zamanı kənar şəxslə danışmaq, köməkçi materiallardan (kitablar, qeydlər və s.), hər hansı texniki vasitələrdən (mobil telefon, peyjer, planşet və s.) istifadə etmək qadağandır.
  21. Yarana biləcək münaqişə və şikayətlərin obyektiv və dərhal həll edilməsini təmin etmək məqsədilə “Appelyasiya Komissiyası” fəaliyyət göstərəcək.
  22. Onlayn imtahanların nəticəsindən narazı olan tələbələrin müraciətləri appelyasiya komissiyası üzvləri tərəfindən video qeydiyyata əsasən araşdırılacaqdır.
  23. Onlayn imtahanda iştirakdan imtina etmiş tələbə səbəbi göstərilməklə ərizə ilə rektora müraciət edə bilər. Cari təqvim ili avqust ayında fənn müəllimi tərəfindən həmin tələbəyə 3 həftəlik icmal mühazirə, 1 həftəlik məsləhət saatları ayrılacaqdır.
  24. Alt və fərdi qrup tələbələri birbaşa olaraq imthandan keçmiş hesab olunur.