AHİK-in sədri Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib.


Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.

Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında hesabat və 2020-2023-cü illər üçün siyasi sənəd müzakirə edilib. Pan Avropa Regional Şurasının prezidenti İ.Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının baş katibi Ş.Barrou və PARŞ-ın baş katibi L.Visentini forumda giriş nitqi söyləyiblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 3-cü Baş Assambleyadan ötən müddət ərzində Avropa həmkarlar ittifaqlarının əsas məqsədlərinə nail olunması, yəni, əməkçilərin mənafeyi uğrunda mübarizənin zəngin ənənələrindən daha geniş istifadə olunması, həmkarlar ittifaqlarının həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.

Azərbaycandan keçən “İpək yolu”nun əhəmiyyətinə toxunan S.Möhbalıyev qeyd edib ki, bu yol region ölkələrinin inkişafına böyük təsir göstərəcək, PARŞ-ın bir çox ölkələri ilə əlaqələr və dəhlizlər yaratmağa imkan verəcək.

Azərbaycanda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla həyata keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərə gətirib çıxardığını deyən AHİK-in sədri bildirib ki, aparılan genişmiqyaslı islahatlar, layiqli əmək strategiyasının reallaşdırılmasına yönəlmiş tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsini şərtləndirib.

Həmçinin Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi seçilib. İ.Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti, AHİK-in sədri Səttar Möhbalıyev isə yeni müddətə qurumun vitse-prezidenti seçiliblər.

Bu münasibətlə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kollektivi sizi təbrik edir, sizə möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayır.