ÜÇRƏNGLİ BAYRAĞINLA MƏSUD YAŞA AZƏRBAYCAN


6 noyabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər  Akademiyasında Azərbaycan Respublikası Dövlət Bayrağı gününə həsr olunmuş   “Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan” mövzusunda Akademiyanın professor-müəllim heyəti və tələbələrin iştirakı ilə bayram tədbiri keçirilmişdir.   Video-çarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın  tədris və elmi işlər üzrə prorektoru, dosent Fəhrad Möh­balıyev iştirakçıları salamlamış  və qeyd etmişdir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Res­pub­li­kasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u ölkəmizdə möhtəşəm bayram kimi qeyd edilir. O, dövlət simvollarından olan bayraq və onun tarixi, türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və İslam sivilizasiyasının bayraqdakı rəmzləri barədə məlumat vermişdir. Sonra söz alan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatınn sədri  Ramiz Göyüşov müstəqil dövlət üçün qürur mənbəyi olan  bayrağın əhəmiyyətindən danışaraq bildirmişdir ki, müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Sovetlər birliyinin çöküşü dövründə Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ay-ulduzlu bayrağımızın dalğalandırılmasını da    vurğulamışdır. Natiq Ulu öndər Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikirlərinin fəlsəfi mahiyyətini açıqlamışdır.

 Daha sonra tələbələr “Azərbaycan bayrağı”, “Milli bayraq”, “Bayraq” şeirlərini səsləndirmiş, milli rəqslər ifa etmişlər. Gənc müğənni Nicat Cəfərli milli ruhu oxşayan mahnılar ifa etmişdir. “Bir kərə yüksələn bayraq, bir daha enməz” sədaları altında milli hərbi geyimli tələbələr və kollektivin digər üzvləri yallı getmişlər.