AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

15.05.2018

15.05.2018-ci il tarixdə  Azərbaycan  Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – tariximizin şanlı səhifəsi” mövzusunda respublika konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra AXC-nin fəaliyyətini əks et­dirən videoçarx nümayiş etdirilmişdir. Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən, 23 ay ərzində ölkədə aparılan islahatlardan danışdı, demokratik hü­quq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı ol­ma­­yaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edi­lən uğurlar barədə məlumat verdi.

Sonra söz alan AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Azərbaycançılıq və Azərbaycan Cüm­hu­riy­yəti” mövzusunda çıxış edərək milli oyanış, azərbaycançılıq məfkurəsi, milli-azadlıq hərəkatının genişlənməsində milli ideoloqlardan olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqalarının xalqın azadlığı uğrunda mübarizəsini geniş təhlil etdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, sinfi bərabərsizliyi ortadan qaldırdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunların milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov “Milli maarifçilikdən milli istiqlala gedən yol - Azərbaycan Cümhuriyyəti” adlı məruzəsində bildirdi ki, maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin tə­şək­­­külü və inkişafına mühüm təsir göstərdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, həm də milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. O, bildirdi ki, görkəmli ziyalılarımızın qurduğu Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanları daxilində çalışaraq şərəflə yerinə yetirdilər. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhə­miy­yətli işlər görüldü.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial tərəfdaşlıq, həm­karlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə  həmkarlar ittifaqının fəaliyyəti” adlı məruzəsində həmin dövrü xaraterizə edərək bildirdi ki, bu dövrdə xırda burjua liderlərinin rəhbərlik etdiyi Bakı Fəhlə Konfransının (BFK) hökumətlə barışmaz müxalifətdə olması AXC-nin fəaliyyətinə çətinliklər yaradırdı. 1918-ci il dekabrın 24-də liderləri bolşeviklərdən  ibarət olan BFK təxribatçı tətil keçirdi. Bolşeviklər fəhlələri Azərbaycanın sovet Rusiyasına birləşməsi uğrunda mübarizəyə təhrik edirdilər. BFK-nın iclasında iştirak edən M.Ə.Rəsulzadə konfransın liderlərinin separatçı mövqeyini qəti pisləmiş və xüsusilə vurğulamışdı ki, fəhlələrin iqtisadi maraqları ilə bağlı problemin həllində öz parlamentinə söykənən Azərbaycan hökuməti  ətraflı iş aparır. Azərbaycanlı fəhlələri öz ətrafında birləşdirən Türk Fəhlə Konfrasının növbəti iclasında Mərkəzi Həmkarlar İttifaqı Şurası yaradıldı və tanınmış ictimai-siyasi xadim Cavad bəy Məlik-Yeqanov həmin mərkəzin  rəhbəri seçildi. Azərbaycanlı fəhlələr Milli Hökumətin bütün  islahat, tədbir və təşəbbüslərini bəyəndiyini elan etdilər. C.Məlik-Yeqanov fəhlə məsələsini sosialist hərəkatının əsas tərkib hissəsi olaraq qəbul edib dövlətçilik prinsipinə etinasızlıqla hüdud tanımayan bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində C.Məlik-Yeqanov qeyd edirdi ki, elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, azərbaycanlı fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  tələbəsi Xəlil Babayev “Əlimərdan bəy Topçubaşov – ictimai-siyasi xadim kimi” mövzusundakı məruzəsində  Ə.Topçubaşovun ictimai-siyasi fəalliyətinə işıq saldı. O,  bildirdi ki, Əlimərdan bəy Topçubaşovun səyi nəticəsində 1918-ci il noyabrın 16-da Milli Şura yığışaraq Müəssislər Məclisinin parlamentə çevrilməsi haqqında müzakirə aparmış, bu qanun noyabrın 19-da Milli Şura tərəfindən qəbul edilmişdir. Əli­mər­dan bəy Topçubaşov Türkiyədə olmasına baxmayaraq, Azərbaycan parla­men­tinə sədr seçildi. O, hansı ölkədə, hansı beynəlxalq yığıncaqda olmasına bax­mayaraq, Azərbaycan parlamentinin fəaliyyətini izləyir və özünün zən­gin bi­li­yindən istifadə edərək, ona siyasi istiqamət verirdi. Bu parlamentin fə­aliy­yətinin həm daxili siyasətində, xüsusən xarici siyasətində özünü göstərirdi. Par­lamentin tərkibinə o, cümlədən rəhbər orqanlarına nəzər salarkən aydın olur ki, bu siyasi qurum həm özünün siyasi mövqeyinə görə, həm milli tərkibinə görə tam demokratik prinsiplərə əsas­lan­mış­dır.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya bəyan etdiyi 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Имя1Имя2Имя3Имя4Имя5Имя6