Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Elm və həqiqət” adlı tədbir keçirilmişdir.


12.03.2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli “Hər il martın 27-nin elm günü kimi qeyd edilməsi haqqında” Sərəncamını əsas tutaraq “Elm və həqiqət” adlı tədbir keçirilmişdir.

Akademiya əməkdaşlarının müəllifi olduqları və 2018/2019-cu tədris ilində işıq üzü görmüş yeni elmi əsərlərin təqdimatının da keçirildiyi tədbiri, Akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev açaraq, “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamında” əks olunan prinsiplər barədə ətraflı məlumat vermişdir.  

O, ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının düşünülmüş və məqsədyönlü siyasətinin əhəmiyyətindən, ölkədə aparılan islahatlardan, bu sahədə olan uğurlardan və insan kapitalına qoyulan sərmayənin gələcək üçün böyük yatırım olduğundan danışaraq, müharibə şəraitində olmasına baxmayaraq uğurlara imza atan dövlətimizin təhsil və elm sahələrində də beynəlxalq standartlara uyğun nailiyyətlər əldə etdiyini diqqətə çatdırmışdır.

Ölkənin gələcək inkişafının məhz gənclərdən asılı olduğunu və bu baxımdan da gələcək nəsillərin savadlı formalaşmasında, təhsilin rolunun danılmaz olduğunu qeyd edən F.Möhbalıyev, yeni nəşr edilmiş - müəllifi olduğu “İqtisadiyyata giriş” dərsliyinin Akademiyanın tələbələri üçün yararlı vəsait olduğunu qeyd etmiş və onlara təhsildə nailiyyətlər arzulamşdır.  

F.Möhbalıyev çıxışının sonunda, tədbirin təşkilinə görə kitabxananın müdiri Maya Abdullayevaya təşəkkür etdi və müəllifləri təqdim etmək üçün sözü “Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri dosent Zeynəddin Şabanova verdi.

Kitab oxumanın nə dərəcə əhəmiyyətli olduğunu qeyd edən Z.Şabanov, yeni nəşr olunmuş və müəllifi olduğu “Müasirləşən cəmiyyətin yeni paradiqmaları” adlı elmi əsəri haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırdı və monaqrafiyadakı müasir dövrümüzə aid aktual problemləri diqqətə çatdırdı.

Daha sonra, “Turizmin iqtisadiyyatı” dərsliyinin müəllifi “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov, turizmin ölkə iqtisadiyyatının dayanıqlı inkişafına danılmaz təsirini qeyd edərək, tələbələr üçün bu dərsliyin asan mənimsənilə biləcəyini bildirdi.

“Firmanın iqtisadiyyatı” dərs vəsaitinin müəllifi, dosent Zakir Əlizadə  “Azərbaycan iqtisadiyyatı” dərsliyinin müəllifi iqtisad f.d. Nurəngiz Mikayılova, “Triqonometriya” dərs vəsaitinin müəllifi Allahverdi Cabbarov və “İqtisadiyyatda informasiya sistemləri” dərs vəsaitinin müəllifi Təranə Vəliyeva tədbir işti­rakçılarına elmi əsərlərin əhəmiyyəti barədə ətraflı məlumat verərək, tələbələr üçün nəzərdə tutulan bu vəsaitlərin həqiqətən də ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsində rolunun danılmazlığını qeyd etdilər.  

Tədbirdə, təqdim olunan dərslik və vəsaitlərdən səmərəli istifadə etdiklərini qeyd edən tələbələrdən Səyyad Mirzəyev, Tural Əkbərli, Şamil Əhmədov, Nurlan Qurbanzadə, Afaq Hüseynova, Xədicə Verdiyeva və Ayşən Quliyeva müəlliflərə öz təşəkkürlərini bildirərək, onlara pedogoji və elmi fəaliyyətlərində uğurlar arzuladılar.