Tələbələrə adlı təqaüdlər təqdim edilib


Martın 13-də 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib.

Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirləri sadalayıb. Qeyd edibdir ki, ATİAHİ Respublika Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (61 nəfər) ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2270 nəfər tələbə bu təqaüddən yararlanıb.

 Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib. Təqaüd alanlar sırasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri də var. Onlar Toğrul Hacıyev (Sosial iş ixtisası), Aytac Hacızadə (Sosial iş ixtisası), Daşqın Adıgözəlov (Mühasibat uçotu və audit ixtisası), Türkan Cəfərli (Mühasibat uçotu və audit ixtisası) və Aygün İsayeva (İqtisadiyyat ixtisası).