Akademiyanın təsisçisi


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev.

5 fevral 1993-cü ildə Azərbaycan həmkarlar ittifaqlarının növbədən kənar XIX qurultayı keçirilmişdir. Qurultayda yekdil qərara əsasən Azərbaycan Həmkarlar İttifaqları Şurası (AHİŞ) buraxılmış, yeni qurum, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yaradılmışdır. Açıq səsvermə yolu ilə Səttar Möhbalıyev Konfederasiyanın sədri seçilmişdir. 1998-2003-2008-2013-2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir.  

S.Möhbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqlarında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.

S.Möhbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvü, Milli Məclisin deputatı, Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai birliklər və dini qurumlar komitəsinin, intizam komissiyasının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Sədrlər Şurasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür. 2014-cü ildən BHİK-in, 2015-ci ildən isə Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

İqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. "Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri", "Keçid dövründə əmək bazarı və məşğulluq siyasəti", "Əmək bazarı, məşğulluq və işsizliyin elmi - nəzəri əsasları", "Beynəlxalq Əmək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri", "Əmək bazarı və əhalinin sosial müdafiəsi" kitablarının və bir sıra elmi məqalələrin müəllifidir.

Azərbaycan Respublikasının «Şöhrət» ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının qızıl və gümüş medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.